Misli Premyer Liqasının XX turu çərçivəsində bu gün keçirilən “Araz-Naxçıvan” – “Neftçi” matçından sonra təşkil olunan mətbuat konfransında baş məşqçimiz Elmar Baxşıyevin səsləndirdiyi fikirlər: “Oyunun ağır, dramatik keçəcəyini gözləyirdik. Qış fasiləsindən sonra “Neftçi”nin keçirdiyi oyunlar bu siqnalı ötürürdü. Komandamın çıxışından razı qaldım. Futbolçular əzmkarlıq göstərdilər, istədiyim futbolu göstərməyə, mənə qaytarmağa çalışdılar. Qarşıdakı oyunlara hazırlaşacağıq.
Adətən rəqibin nə edəcəyi bizim üçün də sirr olur. Bizi düşündürən komandamızın oyun dəsti-xəttidir. Onu görmək istəyirik. 90 dəqiqə ərzində 4 əvəzetmə reallaşdırdıq.
Ardıcıl 3 məğlubiyyətə görə bizi “qara zolağa” qədər endirdilər. Halbuki ardıcıl məğlubiyyətlərə görə nə mən, nə də komandamın üzvləri təzyiq altında idik. Futbolda qələbə ilə bərabər məğlubiyyəti də gözləməlisən. Bundan qaçmaq mümkün deyil, sadəcə çalışırıq ki, uğurlu nəticəyə köklənək”.